Az?rbaycan dili 3-cu sinif


Müəllim: Həsənova Sevil Əhməd qızı
Fənn: Azərbaycan dili
Sinif: III-d
Tarix : 15.02.2013.
Mövzu: Sifət
Standart: 4.1.5
Leksik və qrammatik mənalarına görə sözləri adlandırır və fərqləndirir
Məqsəd: 1.Sifətləri məna növlərinə görə (əlamət və keyfiyyət) fərqləndirmək;
2.Əlaməti bildirən sözləri tanımaq;
3.Sifətin isimlə bağlılığını müəyyənləşdirmək.
Dərsin tipi: Öyrədici
İnteqrasiya: Ana dili,Həyat bilgisi,Riyaziyyat
İş forması: Kollektivlə və qruplarla iş.
İş üsulu: Beyin həmləsi,müzakirə,problemli vəziyyət.
Resurslar: Dərslik,iş dəftəri,iş vərəqləri,şəkillər və s.


Dərsin gedişi:
Zəng vurulur.
Sinif dərsi salamlaşma ilə başlayır.
Gəlin,gəlin,uşaqlar,
Bu gün görüşümüz var.
Gəlin,əl-ələ tutaq,
Dostluq dövrəsi vuraq.
Əvvəlcə salamlaşaq,
Sonra dərsə başlayaq.
Müəllim sinfə müraciət edir.
Biz həftənin beş günü məktəbə gəlir,yeni bilik öyrənməyə səy göstəririk.
M:- Bəs,siz istirahətinizi necə təşkil edirsiniz?
Ş:-Gəzintiyə gedirik;
Ş:-Əlavə kitablar oxuyuruq;
Ş:-Televizora baxırıq.
M:-Televizorda əsasən nələrə baxmağı sevirsiniz?
Ş:-Cizgi filmlərinə;
Ş:-Bədii filmlərə.
M:-Kim, hansı cizgi film və bədii filmlərə baxdığını deyər?
Ş:-“Tom və Cerri ”;
Ş:-“Şirinlər”;
Ş:-“Bir qalanın sirri”;
Ş:-”Sehrli xalat”;
Ş:-”Şərikli çörək”.
M:-Afərin!
Bəs kim deyər adlarını çəkdiyiniz bu filmlərdən biri olan “Sehrli xalat”da əsas söhbət nədən gedir?
Bu filmdə hansı qəhrəman və obrazlar var?
Onların filmdəki rolları nədən ibarətdir?
Ş:-Rəşid,Zərifə,Xan,Sehrbaz və başqaları.
Ş:-Şagirdlərin sarayı bəzəmələri;
Ş:-Sehrbazın onlara xalat verməyi;
Ş:-Rəşidlə Zərifənin bu xalatla keçmişə və gələcəyə yollanması və s.
M:-Deməli,onlar bu xalatla keçmişə səyahət edirdilər.
İndi isə gəlin,biz də onlar kimi keçmişimizə qayıdaq.Görək orada bizi nələr gözləyir?
Bu zaman monitorda “Sevimli qəhrəmanlar” bölməsindən olan obraz və qəhrəmanların təsvirləri “Sehrli xalat” filmində ifa olunan musiqi ilə canlandırılır.
(Karlson,Dədə Qorqud,Basat,Göyçək Fatma,Fitnə,Şahzadə və Tom,Qavroş,Qaraca Qız,Qaraca Çoban və başqaları).


Motivasiya:
İndi isə gəlin görək bu qəhrəmanlarımızın bizə tapşırığı nədən ibarətdir? Gəlin diqqətlə onların verəcəkləri sual və tapşırıqlara baxaq,yadımızda saxlayaq.

Monitorda “Sevimli qəhrəmanların” təsvirləri və özləri ilə bərabər gətirdikləri tapşırıqlar canlanır.
Karlson – Mən Balaca oğlanın qeyri-adi dostuyam.Kim mənim adımda olan ikinci hecanın birinci hərfini tapa bilər?
Ş:- ”S”
Molla Nəsrəddin – Mən həmişə zülmkar,nadan,haqsız insanlara qarşı gülmüş və bu gülüşümlə bir çox insanı düşündürmüşəm. Mənim adımda olan qoşa samitlərdən sonra gələn incə sait hansıdır?
Ş:-“İ”
Fitnə - Mən öz hərəkətimlə Bəhram şaha sübut etdim ki,yaxşı ov etmək heç də məharət deyil.Siz tapın,mənim adımın ilk hərfi nədir?
Ş:-“F”
Qaraca Qız – Bəlkə də mən kasıb olduğum üçün xanım məni gözəl qızı olan Ağca ilə oynamağa qoymurdu.Bu xanımın adı iki müxtəlif sözün birləşməsindən yaranan mürəkkəb sözdür.Əlifba sırasında gələn yeddinci hərf onun adının birinci hecasını yaradıb.Bu hərf hansıdır?
Ş:-“Ə”
Təpəgöz – Məni nəhəng olduğuma və çox yediyimə görə evdən uzaq bir yerə apardılar.Tək gözüm vardı,onu da Basat çıxartdı.Adımın baş hərfini tapın.
Ş:- “T”
M:- Gəlin,indi qəhrəmanlarımızın bizə verdikləri sualların cavablarını toplayaq görək nəticədə nə alınacaq?
Ş:- SİFƏT.
M:- Xatırlayırsınızsa, bu qəhrəmanlarımız bir-birlərindən müəyyən xüsusiyyətlərinə görə fərqlənirlər.Hətta onların bizə çatdırdıqları suallarda da bu öz əksini müəyyən qaydada tapmışdı.


Tədqiqat sualı:
İnsanları,ətrafımızda gördüklərimizi bir-birindən hansı əlamət və keyfiyyətlərinə görə fərqləndiririk?
M:-Biz bu gün bütün dərs ərzində gördüyümüz sual ətrafında araşdırmalar aparıb nəticədə bu sualın cavabını tapacayıq.
İndi isə gəlin,bu sualın cavabını tapmaq üçün qruplarda iş görək.
Tədqiqatın aparılması:
Şagirdlərin sayı nəzərə alınaraq sinif altı nəfərdən ibarət beş qrupa bölünür.
Beləcə həm bütün sinif yeni mövzu ətrafında işləyir,həm də “Sifət”in əlamət və keyfiyyətləri ayrı-ayrılıqda araşdırıla bilir.
Tapşırıqlara başlamazdan əvvəl müəllim lövhədə qruplarla iş zamanı gözlənilməsi lazım olan əsas qaydaları izah edərək bir daha nəzərlərinə çatdırır və bu qaydalara əməl etmələrinin vacibliyini qeyd edir.
Şagirdlərin nəzərinə çatdırılır ki,bu meyarların onların qiymətləndirilməsində də xüsusi rolu var.
Daha sonra onlara bu tapşırıqları 10 dəqiqə ərzində yekunlaşdırmaları deyilir.

QIZIL QAYDALAR
1.Bir-birinizlə əməkdaşlıq etmək;
2.Bir-birinizin sözünü kəsməmək;
3.Bir-birinizi dinləməyi bacarmaq;
4.Fikirlərinizə hörmət etmək;
5.Qruplar arasında sağlam rəqabət aparmaq.


I QRUP:
“GÖY QURŞAĞI”
Təbiətdə.
Payız fəsli idi.Hər tərəf al-əlvan rəngə boyanmışdı.Ağaclar yaşıl donunu dəyişmiş,yarpaqlar qırmızı,sarı,qızılı rənglərlə əvəz olunub xəzələ çevrilmişdilər.Səma əvvəlki kimi mavi olsa da,qara buludlar parlaq günəşin qarşısını kəsmişdi.
Tapşırıq-1.
Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın və sifətin hansı formasına aid olduğunu qeyd edin.
Tapşırıq-2.
Verilmiş varlıqların rəngini yaz.
Pomidor-Kələm-
Neft- Şabalıd-
Portağal-Limon-

II QRUP:
“XARAKTER”
Ailəmiz.
Sadəlik ən gözəl insani keyfiyyətlərdən biridir.Hansı ki,bu mehriban ailə təməlinin qurulmasına təsir göstərən müsbət amillərdən biridir.Qayğıkeş ata,sevimli və gülərüz ana ailəni qoruyub saxlamağa qadirdi.Lovğa insan ailəsini uçuruma apara bilər.Səbrli və təmkinli insan isə ailəsini hər çətinlikdən çıxara biləcək qədər qüvvəyə malikdir.
Tapşırıq-1.
Mətndəki əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.
Sifətin hansı formasına aid olduğunu deyin
Tapşırıq2.
Verilmiş sözləri cümlədə işlədin.
Mərd,ağıllı,göyçək,qoçaq.
III QRUP:
“ŞİRİNLƏR”
Mətbəxdə.
Aydın mətbəxdən gələn ləziz yeməklərin qoxusunu hiss edib ora getdi.O,anasından şorbaya acı bibər vurmamasını xahiş etdi.
Dadlı şorbanı yedikdən sonra anasının bişirdiyi şirin kökələrdən yedi.Turş limon dilimi salınmış ətirli çayı bəh-bəhlə içdi.
Tapşırıq-1.
Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.
Daha sonra qarşısında sifətin hansı formasına aid olduğunu qeyd edin.
Tapşırıq-2.
Təamları aid olduqları keyfiyyətləri ilə birləşdirin.
PendirŞirin
LimonAcı
Tort Turş
Bibər Şor




IV QRUP:
“FORMA”
Oyuncaqlarım.
Zaur yoldaşlarını oyuncaqları ilə tanış etmək qərarına gəldi.O,yumru toplarını,qalın kartonlardan kəsib düzəltdiyi uzunsov avtobuslarını,yoğun ağac budağından hazırladığı raketi göstərdi.Zaur çox sevinirdi.Çünki ilk dəfə idi ki,əl işlərini nümayiş edirdi.
Tapşırıq-1.
Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.
Bu sözlər sifətin hansı formasını bildirir.
Tapşırıq-2.
Gündəlik həyatımızda rast gəldiyimiz,ətrafımızda gördüyümüz varlıqların bir neçəsinin formaca əlamətini yazın.

V QRUP:
“CANLILAR”
Heyvanxanada.
Canlı varlıqların bir nümunəsi olan heyvanlar müxtəlif olur.Onlardan bir neçəsi ilə tanış olmaq üçün heyvanxanaya getmək olar.Orada böyük ayıları,nəhəng qartalı,uzun xortumu olan fili,qısa ayaqları olan dovşanları,hündür zürafələri görmək mümkündür.
Tapşırıq-1.
Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.
Sifətin hansı formasına aiddir?
Tapşırıq-2.
Verilmiş sözlərin yaxınmənalılarını yazın.
Böyük-
Kiçik-
Qısa-

İnformasiyanın mübadiləsi:
Qruplar işlərini yekunlaşdırdıqdan sonra sıra ilə qrup liderləri tapşırıqlarını nümayiş edirlər.
Müəllim və digər şagirdlər diqqətlə dinləyib qeydlərini aparırlar.Əlavələrini münasibət bildirməklə çatdırırlar.
Şagirdlərin yorğunluğunu nəzərə alaraq musiqili idman dəqiqəsi keçirilir.

Çiyinlərim,çiyinlərim,
Qoy açılsın düyünlərim.
Əyilərik,qalxarıq,
Təndirə çörək yaparıq.
Sonra ruzi dilərik
Əlhəmdüllah deyərik.

İnformasiyanın müzakirəsi:
Sistemləşdirilmiş şəkildə informasiyanın müzakirəsi təşkil edilir.Bu zaman dərsliyin126-cı səhifəsinə nəzər salınaraq,nəzəri bilik bir neçə şagird tərəfindən oxunur.
Birinci tapşırıq sxem şəklində izah olunur.
1.rəng ---------------------- yaşıl ot
əlamət----------------- 2.ölçü ---------------------- böyük bina
3.forma -------------------- dairəvi meydan
1.dad -------------- acı bibər
keyfiyyət ------------------ 2.mənəvi cəhətlər -------------- inadkar uşaq
Bu sxemin izahı ilə şagirdlərin nəzərinə bir daha çatdırılır ki,əlamət zahiri xüsusiyyətləri,yəni,gözlə görülən ;keyfiyyət isə daxili xüsusiyyətlər ,yəni,gözlə görünməyənlər nəzərdə tutulur.
Digər tapşırıqlar isə böyük qruplar şəklində yerinə yetirilir.

Yaradıcı tətbiqetmə.
Bu mərhələdə müəllim şagirdlərə yaradıcılıq işləri verir.Onlara müraciət edərək izah edir.
M:-İndi isə mən istərdim ki,sizin yeni mövzumuzu daha geniş mənimsəmə səviyyənizi yoxlayım.
Bunun üçün sizə müəyyən sözlər veriləcək və siz bu sözləri yaradıcılığınızla tətbiq edəcəksiniz.
Yenə şagirdlər qruplara bölünür və tapşırıqları təqdim olunur.
I QRUP:
Əlamət və keyfiyyət bildirən sözlər verilir.
Bu sözlərin işləndiyi atalar sözləri yazırlar.
Yaxın,dar,isti,acı,yaxşı,ağıllı.
II QRUP:
Varlıqların şəkilləri verilir.
Bu varlıqlara aid əlamət bildirən sözlərdən istifadə etməklə tapmacalar tərtib edirlər.
Qarpız,zürafə,ayı,göy qurşağı,meymun,günəbaxan.
III QRUP:
Kiçik mətn verilir.
Bu mətni genişləndirirlər.
Qış gəldi.Qar yağır.Uşaqlar həyətdə oynayır.Şaxta onların üzünü qızartmışdı. Onlar görünürdülər.
Təbiət rəngə boyanmışdı.Buzlar sallanır.Ağaclar don geyinib.
IV QRUP:
Meyvə səbəti verilir.
Bu meyvələri əlamət və keyfiyyətlərinə görə qruplaşdırıb yazırlar.
Alma,armud,nar,üzüm,portağal.
V QRUP:
Şəkil verilir.Bu şəklə əsasən kiçik mətn tərtib edirlər.
Mətnə ad qoyurlar.əlamət və keyfiyyət bildirən sözlərdən istifadə edirlər.
Qruplar yaradıcılıqlarını nümayiş etdikdən sonra dərslik və iş dəftərində olan tapşırıqlardan bəziləri ev tapşırığı olaraq verilir.
Nəticələrin çıxarılması və ümumiləşdirmə.
Nəticə və ümumiləşdirmə tədqiqat sualına əsasən aparılmalıdır.
Tədqiqat sualı yenidən lövhədə göstərilir.Eyni zamanda qruplarla işə başlamazdan əvvəl söylədikləri fikirlər də yenidən təqdim olunur və müqayisə olunur.
Ümumiləşdirici suallarla müraciət olunur.
M:-Biz bu gün bu sual ətrafında tədqiqat aparmaq üçün qruplarla işlədik və nəticədə hansı cavabı aldıq?
Ş:-Varlıqları əlamət və keyfiyyətlərinə görə fərqləndiririk.
Ş:-Rənginə;
Ş:-Dadına;
Ş:-Formasına;
Ş:-Zahiri və daxili görünüşlərinə ;
Ş:-Gözlə görülən və görülməyən xüsusiyyətlərinə;
Ş:-Ölçüsünə görə.
M:-Sadaladığınız bütün bu əlamət və keyfiyyətlər ümumilikdə nə adlanır?
Ş:-Sifət.
M:- Sifət nəyə deyilir?
Ş:-Varlığın əlamətini və keyfiyyətini bildirən nitq hissəsinə.
M:-Əlamət dedikdə nə başa düşürsünüz?Əlamət nəyi bildirir?
Ş:-Varlığın rəngini,formasını,ölçüsünü bildirir.
M:-Bəs,keyfiyyət dedikdə nə nəzərdə tutulur?
Ş:-Varlığın dadı və mənəvi cəhətləri.
M:-Sifətin sualları hansılardır?
Ş:-necə?nə cür?hansı?
M:-Bu günkü dərsimiz əsasında daha nəyi öyrəndik?
Ş:-Sifətin isimlə bağlı olub,ismə aid olduğunu və isimdən sonra gəldiyini .
M:-insan,ev,alma,pişik.
Bu sözlərin əlamət və keyfiyyətini bildir.
Ş:-mehriban,güləüz,zəhmli,qayğıkeş,qəddar,ədalətli,istedadlı insan.
Ş:-böyük,təzə,köhnə,qədim,hündür,geniş ev.
Ş:-dadlı,sulu,şirin,turş,çürük,qurdlu alma.
Ş:-dəcəl,qara,ağ,cılız,acgöz,oğru pişik.


Ev tapşırığı:
Dərslik və iş dəftərində verilən müəyyən çalışmaların yerinə yetirilməsi tapşırılır.
Qiymətləndirmə:
Qiymətləndirmə meyarlar əsasında aparılır.
Meyarlar
Qruplar Göy qurşağı Şirinlər Xarakter Forma Canlılar
Varlıqları fərqləndirir və adlandırır Başqa nitq hissələri ilə bağlılığını müəyyənləşdirir Varlıqları adlandırır Əməkdaşlıq Yekun